“Əlvida, Lenin”

“Əlvida, Lenin” (“Good-bye, Lenin”) filmi mənim də ən bəyəndiyim filmlər arasındadır. Filmin əvvəlində rejissor çox güclü bir intriqa yaradır ki, hər bir seyrci hadisələrin inkişafından nigaran qalır. Oğul Aleksandr xəstəxanada aylarca komada qalmış və nəhayət ayılmış anasını – Kristinanı bütün sarsıdıcı, həyəcanlı xəbərlərdən qorumalıdır. Həkim əks təqdirdə daha ağır aqibətin qadını yaxalaya biləcəyini xəbərdarlıq edir. Amma anasını böyük məhəbbətlə sevən Aleksandr nə etsin? Almaniya Demokratik Respublikasının ən öncül, fəal partiyaçılarından olan anası komada olan zaman dövlət Almaniya Federativ Respublikası ilə birləşmişdir. Bütün ömrünü ADR-ə həsr edən Kristina ölkənin siyasi həyatında qəflətən baş vermiş bu xəbərə necə təpki göstərəcək? Aleksandr nəticəni yaxşı təsəvvür edir. Bu xəbər Kristinanı məhv edə bilər. Bəs, nə etmək olar? Axı, anası oğlundan televizora baxmağı, qəzet oxumağı xahiş edəcək, ADR dövründə istehsal olunan ərzaqları istəyəcək. Aleksandr çıxılmaz tərəddüd içindədir.

Filmin əvvəlində hadisələrin bu cür inkişafıyla seyrcidə dərin maraq yaradan rejissor durnanı gözündən vurur. Film Avropada ilin ən yaxşıları arasında qərarlaşır.

Bu filmdə yalnız mənim diqqətimi çəkən əsas məqam ayrıdır. Həyatını qurban verdiyin, uğrunda çalışdığın, gələcəyinə inandığın bir nəsnənin süqutu. “Əlvida, Lenin”də Kristianın doğum günündə iştirak etmək üçün Aleksandr anasının partiya yoldaşlarının bir neçəsini axtarıb tapır. Mənzildə iki məktəbli uşaq yaxalarına qırmızı lent bağlayaraq pul qarşılığında ADR-in himnini oxuyurlar. Kristina şaddır. Onun köhnə iş yoldaşları isə bu mənzərəyə həm heyrətlə, həm də elə bir ağrıyla baxırlar ki, göz yaşlarını saxlaya bilmirlər. Bu ərəfədə pəncərədən görünən qarşıdakı binanın divarından isə “Coca-cola”-nın böyük reklam şiti asılır…

Digərlərinin belə bir yaşantıları olub-olmadığını bilmirəm. Yaşlandıqca inandığın, təməlinin möhkəm olduğuna əmin olduğun, uğrunda çalışmağa hazır olduğun nəsnələrin, əslində, sənin gümanlarından fərqli olduqlarını anlayırsan. Və bu zaman insanın ətrafını elə bir təəssüf dolu məyusluq havası bürüyür ki, həyatda hüdudsuz səmada yalqız qanad çalan quş kimi tək olduğunu dərk edirsən. Son illərdə aşkar etdiyim ən böyük acı həqiqətlərdən biri kimi buna nə qədər müqavimət göstərib təslim olmaqdan imtina etsəm də, bir o qədər də nakam sonluqdan əminliyimi hüznlə bildirirəm.

7 Şərh

  • By Nino, Sentyabr 2, 2009 @ 12:15 am

    Film menim de sevimli katalogum arasindadir. Orda siyasi ayriseçkilikden çox dunyaya muxtelif bucag altinda yanashan iki yaxin insanin felsefi garshidurmasi gabarig buruze verir. Lenin heykelinin gadina el açarag “edam”a getmesi ise hisslerin maksimal zirvesine çatdirir tamashaçini.
    Xatirladig bir daha. Teshekkur…

  • By filosof, Sentyabr 2, 2009 @ 12:43 am

    Salam. Super yazıdır. Sənin fəlsəfi üslubun və həyata yanaşman məni sevindirir açığı. Bu mətləblərə gənc azərbaycanlının fikir verməsi çox yaxşıdır. İnsanın dəyəri onu məşğul edən suallara bərabərdir. Bunu süni şəkildə etmək mümkün deyil.

    O ki qaldı, məyusluğa. Həyatımın müəyyən anından başlayaraq hər beş- altı ildən bir (indi isə sürət artıb bir qədər) baş verən məyusluğa sevinməyə başladım. İnsan məyus olursa, deməli nəyəsə səmimi inanırmış, riyakar deyilmiş. Hər hansı ideyanı tam qəlbi ilə yaşayırmış.İnsan məyus olursa, deməli inkişaf edir, daxilən böyüyür. Yalnız qəbir daşları məyusluq və pərişanlıq yaşamırlar.
    Hörmətlə, filosof

  • By zaman, Sentyabr 2, 2009 @ 10:54 am

    “Kafe”nin (yazının məxsus olduğu bölmə belə adlanır) ilk qonaqlarını salamlayıram.

    Nino, həmin o heykəlin vertolyotla aparılması bir vaxtlar Bakıda da baş verərdi. Həmin zaman mən çox kiçik olduğumdan hadisələri bulanıq xatırlayıram. Amma əminəm ki, müxtəlif baxışlı, duruşlu, hərəkətli heykəllərin havada uçuşuna nümayiş edən hər kəs həmin məyusluğu keçirmişdilər.

    Filosof, müəyyən yaşdan sonra məyusluğun yaxşı olduğunu vurğulayırsan. Amma həyatda tutunacağın ağacın olmaması da adama onun tənhalığını xatırladılar. Orxan Pamukun “Qar” romanını oxuyuram. On ildən çox Türkiyədən uzaqda yaşamış jurnalistin vətənə qayıdışından və tərkedilmiş, unudulmuş, bərbad Kars şəhərinə səfərindən bəhs edir. Məhz Ermənistanla sərhədin bağlı olması, ölkənin əksər iqtisadi inkişafı yüksək olan şəhərlərindən uzaqlığı Karsda da insanlarda bir məyusluq, tənhalıq yaradır. Nəticədə şəhərdə əhalinin kütləvi dindarlaşması baş alıb gedir. Bu hal indi Bakıda da müşayiət olunur. Məncə, bugünkü dövrdə insanların dinə müraciət etmələrində inancdan daha çox, məhz möhkəm təməlli ağaca ehtiyacdan yaranır. Axı, sosializm də süqut etdi…
    Bunu niyə yazdığımı bilmədim, yəqin kitabın təsirindəndir. :)
    (Sənin adını isə özüm redaktə elədim)

  • By Ana Panda, Sentyabr 2, 2009 @ 9:50 pm

    Yeni blogun xeyirli olsun .)

  • By zaman, Sentyabr 2, 2009 @ 10:48 pm

    Minnətdaram, Panda :)

  • By filosof, Sentyabr 3, 2009 @ 12:08 am

    Ağaclarla bağlı bir yazı yaz. Hansı ağacları tanıyırsan? Sənin ağacın varmı? Məsələn, Oxuduğun Orxanın ağacını səncə nə təşkil edir? Ümidverici ağacdırmı?…
    Maraqlı mövzudur.

  • By zaman, Sentyabr 6, 2009 @ 2:00 pm

    Hazır deyiləm, filosof..

Other Links to this Post

RSS feed for comments on this post. TrackBack URI

Şərh yaz


CAPTCHA Image Başqasını göstər

WordPress Themes