Terminatorlar

BabyFace deyir, nəsə maraqlı bir şey yazım. Bir neçə gündür, arasıra açıram virtual vərəqi, yazıram, yazıram, sonra heç özüm də hiss edə bilməyəcəyim bir sürətlə Ctrl+A və Backspace. Onunla da vərəqimdəki qaraqura hərflər qeyb olub gedir və vərəq təzələnib, yenidən nəfəs alır. Ağ, yazısız vərəqə baxa-baxa onun nə qədər açıq-qəhvəyi döşəməyə bənzədiyini düşünürəm. Uşaqlıqda bağçaya getməzdim, ağlayardım-sızlayardım, məni evdə tək qoyardılar, amma bağçaya aparmazdılar.

Onda mən adamabənzər paltar tutqaclarını eyvandan götürüb, səpələyərdim açıq-qəhvəyi döşəməyə və başlayardım o tutqacları insan zənn edib, müxtəlif oyunlar oynamağa. Bir dəfə döşəmədə əsgərlərin müharibəsi canlanırdı, bir dəfə kiçik coşğulu məhəllə, bir dəfə də dünyanı ələ keçirməyi əhd etmiş terminatorlarun hücumu. Terminatorları qoyurdum şəpitlərin içinə. Şəpitlər də guya yüksək texnologiyalı uçaqlar idilər. Oyun ərəfəsində qəflətən qapı döyülərdi, anam gələrdi. Mən döşəmədəki dünyanı unudub qapıya qaçardım və sonra anam ayağına şəpit geyəndə deyinərdi ki, şəpitin içində terminator qalıb…

Döşəməmdə Ctrl+A və Backspace düymələri yoxuydu. Yoxsa, bütün tutqacları və şəpitləri döşəmədən yox edərdim bir toxunuşla.

BabyFace, yaz deyirsən, amma nə yazım? Yaxşı bir şeir oxumaq istəyirəm. Xoş, həzin, sirli və güncəl insanı, dünyanı anladacaq bir şeir. Məhəbbət istəmirəm. Hərçənd məhəbbət haqqında yazılan elə qəribə, müasir şeirlər var, məni valeh edir. Yaxşı bir şeir istəyirəm. Yay gecəsi qədər yaxın, məhrəm görünəcək bir şeir. Və bu yay gecəsində canlı tək işıldayan bir Ay istəyirəm şeirimdə.

Bəlkə, futboldan danışım? Ayın doqquzu oyun var. Azərbaycan Almaniya ilə oynayır. Əzmkarlığımıza, mübarizəmizə və məğlubiyyətimizə baxmaqdan doymuram. Sonra Türkiyə Bosniya ilə oynayacaq. Çox mühüm oyun olacaq. Türkiyə qalib gəlməlidir. Amma bu da baş tutacaq, baxılacaq və bitəcək. Sonra ayın onu gələcək və yenə təqvimdə hansısa günü qaralayıb, qanadlanan ümidlərimlə fikir səmalarında səyahətə çıxacam.

Babyface, görürsən, yazmağa bir şeyim yoxdur. Ürək sıxıntılı olanda yazmaq istər, amma hər yazdığı mətn bu sıxıntını azaltmadığından bir barmağı Ctrl+A və Backspace düymələrini basmağa hazır durar.

2 Şərh

  • By filosof, Sentyabr 8, 2009 @ 9:56 am

    Dərslər başlasın, əminəm ki, mövzular da yaranacaq. )
    Amma bu yazı da əla idi.

  • By BabyFace, Sentyabr 11, 2009 @ 6:16 pm

    :) çox maraqlıdı delete etdiyin yazılar :) görəsən orda nə var idi! :)

    ağlıva nə fikir gəldi yaz, elə bu yazın kimi… yoxsa ki poeziya belə gəldi, çeir belə getdi…

    indi 21 əsrdir, insan elə özü qəhrəmandır, ona görə da özünnən yaz :)

    uğurlar!

    bizim komandamıza gəldikdə isə, 90 dəgigə vaxt itirməyə dəyməz :( onsuzda uduzacaqlar

Other Links to this Post

RSS feed for comments on this post. TrackBack URI

Şərh yaz


CAPTCHA Image Başqasını göstər

WordPress Themes