Category: Kafe

Yay da bitdi, getdi.

Bloqumun zirzəmisində yerləşən kafemin tünd qəhvəyi üzlüklü divanlarından birində əyləşib, içindəki kubşəkilli buzların bir-birlərini itiləyərək boğulmadan xilas olmağa çalışdıqları “Seven-ap”-lı iri qədəhdən aramla içərək ötürdüyüm yay haqqında düşüncələrə dalıram. Qədəhin necə iri, enli olmasına baxaraq, mənim də bu tətil ərəfəsində yeyib-içib onun kimi nəhəngə döndüyümü düşünürəm.

Kimlərsə, iddia edəcək ki, yay hələ bitməyib. Bu yazını sonra da yazmaq olar. Amma mən bu günlərdə Bakıda havanın yenidən istiləşdiyinə məhəl qoymayaraq, yay mövsümünün artıq bitdiyindən əminəm. Bu siqnalı ilk dəfə yollarda qəflətən artmış avtomobilləri gördükdə almışdım.

Read more »

“Əlvida, Lenin”

“Əlvida, Lenin” (“Good-bye, Lenin”) filmi mənim də ən bəyəndiyim filmlər arasındadır. Filmin əvvəlində rejissor çox güclü bir intriqa yaradır ki, hər bir seyrci hadisələrin inkişafından nigaran qalır. Oğul Aleksandr xəstəxanada aylarca komada qalmış və nəhayət ayılmış anasını – Kristinanı bütün sarsıdıcı, həyəcanlı xəbərlərdən qorumalıdır. Həkim əks təqdirdə daha ağır aqibətin qadını yaxalaya biləcəyini xəbərdarlıq edir. Amma anasını böyük məhəbbətlə sevən Aleksandr nə etsin? Almaniya Demokratik Respublikasının ən öncül, fəal partiyaçılarından olan anası komada olan zaman dövlət Almaniya Federativ Respublikası ilə birləşmişdir. Bütün ömrünü ADR-ə həsr edən Kristina ölkənin siyasi həyatında qəflətən baş vermiş bu xəbərə necə təpki göstərəcək? Aleksandr nəticəni yaxşı təsəvvür edir. Bu xəbər Kristinanı məhv edə bilər. Bəs, nə etmək olar? Axı, anası oğlundan televizora baxmağı, qəzet oxumağı xahiş edəcək, ADR dövründə istehsal olunan ərzaqları istəyəcək. Aleksandr çıxılmaz tərəddüd içindədir.

Read more »

WordPress Themes